Azərbaycan XİN: Dağlıq Qarabağ Gömrük İttifaqında ola bilməz
"Dağlıq Qarabağ Gömrük İttifaqında ola bilməz". Bunu APA TV-yə Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev bəzi dairələrin səslndirdiyi "Ermənistanın bu təşkilata daxil olması Dağlıq Qarabağın da de-fakto bu quruma daxil olması deməkdir" fikrinə cavab olaraq deyib: "Ermənistan təbii ki, istədiyi təşkilatda təmsil oluna bilər. Bu, onun öz qərarıdır. Lakin Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan bu təşkilatda yoxdursa, Dağlıq Qarabağ da həmin təşkilatda ola bilməz".
Nazirlik rəsmisi bu məsələ ilə bağlı Ermənistan tərəfinin məqsədyönlü şəkildə təxribat xarakterli məlumatlar yaydığını da qeyd edib: "Lakin həqiqət budur ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bütün dünya ictimaiyyəti istisnasız Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmətlə yanaşır".
Elman Abdullayevin sözlərinə görə, heç Ermənistan özü də Azərbaycan ərazisini ayrı, müstəqil bir ölkə kimi tanımır və tanıya da bilməz.