Zirə qəsəbəsi sakinini avtomobil vuraraq öldürüb - SÜRÜCÜ QAÇIB
Bakının Xəzər rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Zirə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1969-cu il təvəllüdlü Əmirov Gülağa Əlibala oğlu yolu keçən zaman onu naməlum sürücünün idarə etdiyi avtomobil vurub. G.Əmirov təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır. G.Əmirovu vurub qaçan sürücünün müəyyən edilərək saxlanılması üçün tədbirlər həyata keçirilir.