El Mundo Deportivo: Dünya çempionatı ilə bağlı PÜŞKATMANIN NƏTİCƏLƏRİ SAXTALAŞDIRILIB

Gələn il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma prosesinin  saxtalaşdırılması ilə bağlı iddialar var. APA TV-nin məlumatına görə, bu iddia ilə İspaniyanın El Mundo Deportivo qəzeti çıxış edib. Püşkatmadan bir qədər əvvəl “Twitter” sosial şəbəkəsində “Braziliya-2014 dələduzluq” adlı akkaunt peyda olub. Bloqda qeyd olunub ki, Argentina yığması “F” qrupuna düşəcək, onun rəqibləri isə İran, Bosniya-Herseqovina və Nigeriya milliləri olacaq. Bundan başqa həmin resursda İtaliyanın məhz 2-ci qrupa düşəcəyi də öz əksini tapıb. İki gün əvvəl isə sosial şəbəkələrdə püşkatmada tətbiq oluna biləcək fırıldaqlarla bağlı video material yerləşdirilib. Materialda görünür ki, FİFA-nın baş katibi Jerom Valkenin şarları elə açır ki, kameralar həmin anı əks etdirə bilməsin. Ehtimallara görə, baş katibin masasının üzərində bu və ya digər qrupa düşəcək yığma komandaların adları olub və Jerom Valke istədiyi komandanın adını istənilən qrupa daxil edib.

 

Xatırladaq ki, püşkatmanın nəticələri “Twitter”də irəli sürülən iddiaları doğruldub, Argentina yığması əvvəldən elan olunduğu kimi “F” qrupunda İran, Bosniya-Herseqovina və Nigeriya milliləri ilə qarşılaşacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv