Neftin qiyməti 64-65 dollar arasında stabilləşir
Dünya neft bazarında xam neftin qiyməti ilə bağlı nəzərə çarpacaq dəyişiklik baş verməyib.
APA TV-nin məlumatına görə, ABŞ-da fəal neft quyularının sayı ardıcıl ikinci həftə dəyişməyərək 747 ədəd olaraq qalıb. Şimal dənizindəki "Forties" boru xəttində olan nasazlıq isə aradan qaldırılıb. Boru xəttindəki problem və fəal quyuların artmaması qiymətlərə müsbət təsir etmişdi. Qış fəsli ilə əlaqədar ABŞ-da fəal quyuların sayının azalması ehtimalı da var.
Bir günlük Milad bayramı ilə əlaqədar birjalarda dayanan satışlar yenidən başlayıb. Qərbi Texas nefti 58,55 dollardan təklif olunur. "Brent" neftinin bir bareli isə 64,77 dollardan satılır.
OPEK və başda Rusiya olmaqla bir neçə neft ölkəsinin istehsalı azaltmaqla bağlı əldə olunan razılaşmanı 2018-ci ilin sonuna qədər uzatması, razılaşmaya ciddi əməl olunması qiymətlərin artması ehtimalını gücləndirir. İraqın neft naziri Cabbar Al-Luaibi verdiyi açıqlamada "dünyada neft ehtiyatlarının azalması və Çin və Hindistanda neftə ehtiyacın artması qiymətlərin gələn il artacağına ümidləri artırır" - deyə, qeyd edib.
Qeyd olunan səbəblərə görə, qiymətlərin ən azı ilin sonuna qədər ucuzlaşmayacağı proqnozlaşdırılır.