Tramp BMT-ni cəzalandırdı - MİLYONLAR KƏSİLDİ
ABŞ prezidenti Donald Tramp söz verdiyi kimi BMT-ni cəzalandırıb. APA TV-nin məlumatına görə, tarixi Qüds qərarından sonra ABŞ 2018-2019 maliyyə ilində təşkilat üçün ayırdığı büdcədən 285 milyon dollar kəsib.
Bunu ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. Məsələ ilə bağlı yazılı açıqlama verən Heyli büdcə kəsintisini "doğru yöndə atılmış böyük bir addım" olaraq qiymətləndirib: "BMT-nin təsirsizliyi və yersiz xərcləmələri məlum bir vəziyyətdir. Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik".
BMT-yə ayrılan pulu azaltsa da, hələ də təşkilatın əsas maliyyə qaynağı ABŞ-dır. Təşkilatın ilk illik dövrünü əhatə edən 5,4 milyard dollarlıq büdcəsinin 3,3 milyard dollarını ABŞ qarşılayır. ABŞ ayrıca BMT tərəfindən həyata keçirilən "sülhməramlı səylər" üçün də yardım edir.
BMT-də ötən həftə keçirilən Qüds səsverməsindən öncə həm Donald Tramp, həm də Nikki Heyli ABŞ-ın qərarının əksinə səs verən ölkələri "iqtisadi yardımları kəsməklə" təhdid etmişdi. Ancaq təhdidlərə rəğmən layihə 9-a qarşı 128 "bəli" səsi ilə qəbul olunmuşdu.