Şamaxıda dəhşətli yanğın: 3 ev külə döndü

Şamaxı rayonunda dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb.


Bir evdə baş verən yanğın qısa müddətdə ona bitişik daha iki evə keçib. Hadisə yerinə FHN-nin Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. İki saat ərzində yanğının söndürülməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib və alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.

Hadisə zamanı qəsəbə sakinlərinə məxsus və bir-birinə bitişik olan ümumi sahəsi 104 kvadratmetrlik 4 otaqlı evin, ümumi sahəsi 30 kvadratmetrlik 2 otaqlı evin və ümumi sahəsi 90 kvadratmetrlik 5 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.


Yanğın zamanı mənzillərdəki insanlar təxliyə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Elvin Yaqubov