“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılı

Təhsil Nazirliyində “Elektron Təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov informasiya texnologiyaları sahəsində Təhsil Nazirliyi tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

 

O qeyd edib ki, 2018-2019-cu tədris ilində texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur: "Həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyində işçi qrupu yaradılıb. "2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

 

Qeyd edək ki, 2010-cu ildən keçirilən müsabiqədə əsasən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər. Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti müsahibə əsasında müəyyən olunub. Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644 iş ekspertlər tərəfindən II mərhələyə qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.

 
Sonda qaliblərə diplomlar və xüsusi mükafatlar təqdim olunub.  

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova