Əli Həsənov: "Ermənilər yola gəlsələr..."

"Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 300 milyard dolları keçib".

 

APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Əli Həsənovun sözlərinə görə, əvvəllər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycana dəyən maddi ziyanın həcmi 60 milyard ABŞ dolları məbləğində hesablanırdı. Lakin son beynəlxalq hesablamalara görə, dəymiş ziyanın real həcmi 5 dəfə çoxdur: "Biz o vaxt bilmirdik ki, beynəlxalq aləmdə bu ziyanlar necə hesablanır. Son 5-6 ildə Prezident İlham Əliyevin tapşırığı ilə Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasına müraciət olunub. Bu qurumla artıq 2 ildir, işləyirik. Azərbaycanın hüququdur ki, istənilən vaxt bunu təzminat formasında Ermənistana qarşı təqdim edək".

 

Əli Həsənov bildirib ki, onlar düz yola gəlsələr, təzminatın ödənişində müəyyən güzəştlərə baxıla bilər. Yola gəlməsələr, təbii ki, Azərbaycan istənilən vaxt bu məbləğin təzminat formasında ödənilməsini tələb edəcək. Baş nazirin müavini, həmçinin ehtiyac olacağı təqdirdə işğal olunmuş ərazilərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olunacağını da istisna etməyib: "İşğal altında olan ərazilərin boşaldılması, dəymiş ziyanın ödənilməsi tələbi barədə beynəlxalq hüquq normaları, beynəlxalq sənədlər, konvensiyalar mövcuddur. Biz o konvensiyaların hamısına qoşulmuşuq".

 

Ə.Həsənov əlavə edib ki, bu, formal haldır. Ehtiyac yarandıqca bu qanunlarda müəyyən dəyişikliklər və əlavələr edilə bilər.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova