Ağdam və Ağcabədidə bir qrup Qarabağ əlilinə ev verildi
Ağdam və Ağcabədi rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 ailə, Ağcabədi rayonunda isə 5 ailə yeni mənzillə təmin olunub.
Yeni mənzillərin orderini Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə təqdim edib: "2014-cü il yanvar ayının 1-dək Ağdam Rayon İcra Hakimiyyətində 182 nəfər, Ağcabədi Rayon İcra Hakimiyyətində isə 162 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil növbəsindədir. 2014-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər iki rayonda 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib".
Yeni mənzilin açarlarını alan II qrup müharibə əlili Cahid Quliyev bu günədək 7 nəfərlik ailə üzvü ilə birlikdə çətin şəraitdə yaşayıb. Hazırda yeni inşa olunan və hər cür şəraitlə təmin olunan üçotaqlı mənzil də elə onun məskunlaşdığı həyətdə inşa olunub. Quliyevlər ailəsi bayram ərəfəsində ikiqat bayram sevinci yaşayır: "Ailəm böyükdür, 4 oğlum, 1 qızım var. Yeni il ərəfəsində ölkə başçısı məni çox sevindirdi. Bizə 3 otaqlı mənzil təqdim etdi. Mən ailəm, övladlarım adından təşəkkür edirəm. Çox sağ olsunlar".
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.