Əli Həsənov: "Dövlətimiz xalqla əlaqələrdə mediaya önəm verir"
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bu ilin Azərbaycan üçün uğurlu olduğunu, IV İslam Həmrəyliyi Oyunları keçirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini nəzərə çatdırıb.
KİVDF tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı keçirilən tədbirlərdən söz açan V.Səfərli bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda jurnalistlər üçün üçüncü binanın təməlinin atıldığını nəzərə çatdırıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə marağın böyük olduğunu vurğulayan icraçı direktor müsabiqəyə 19 istiqamət üzrə 66 KİV-dən 153 yazının təqdim edildiyini, ilk 3 qalib üçün 500, 400 və 300 manat mükafatın nəzərdə tutulduğunu deyib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edib. Ə.Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyada azərbaycanlıların həmrəyliyinə nail olunması istiqamətində mühüm bayram olduğunu qeyd edib: "Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir. Media vasitəsi ilə dövlət siyasətini çatdırır, qarşılıqlı olaraq dövlətlə cəmiyyət arasında körpülər yaradılması üçün media körpüsündən istifadə edirik. 2017-ci il jurnalistika üçün uğurlu olub. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək".
Prezident köməkçisi nəzərə çatdırıb ki, 2018-ci ildə KİV-lə birlikdə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın törətdiyi Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilən digər soyqırımları dünya ictimaiyyətinə çatdırılacaq.