Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordeni verildi
"Son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib".
APA TV-nin məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunma mərasimində deyib.
O qeyd edib ki, ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. Birinci vitse-prezident buna misal olaraq Dünya Dini Liderlərinin Ümumdünya Sammitini, 2016-cı ildə Bakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, bu il dekabrın 21-də keçirilən “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfransı göstərib.
M.Əliyeva belə fəxri mükafata və fəaliyyətini bu cür yüksək qiymətləndirdiyinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə minnətdarlığını bildirib, mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərini, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətini yüksək qiymətləndirdiyini dilə gətirib.
M.Əliyeva həmçinin qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıb. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur.
Azərbaycan dünyaya açıq, başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyən bir dövlətdir və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur.
Mərasimdə çıxış edən patriarx Kirill də öz növbəsində gördüyü işlərə, Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakına görə M.Əliyevaya səmimi qəlbdən təşəkkürünü bildirib, bütün Azərbaycan xalqına firavanlıq arzu edib.