Lənkəran sakini həyətində 300-dək 30 növdə quş saxlayır - HAMI O KİŞİDƏN DANIŞIR

Lənkəran sakini Mirabbas Abbasov nadir quşları çox sevir. Ona görə də o, şəxsi həyətini bu quşların məskəninə çevirib. Ən böyük istəyi isə bu yolla zoopark yaratmaqdır.

APA TV-nin cənub bürosunun məlumatına görə, nadir quş növlərinə olan sevgisi sayəsində Mirabbas kişi öz həyətində tovuzquşu, flaminqo, qırqovul, mandarin ördəyi, kral ördək, sultan toyuğu, slavyan qırqovulu və bu kimi bir çox nəsli kəsilməkdə olan quş növlərini bəsləyir. Buranı kiçik quş parkı da adlandırmaq olar. Lənkəranlı Mirabbas dayı illərdir bu quşları bəsləməklə məşğuldur. Bu quşlara olan sevgisi ilə nəfəs aldığını deyən M.Abbasov Lənkəran rayonunun Liman şəhərində yaşayır. Burada dünyanın bir çox ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür. Bu quş parkında 300-dək 30 növdə olan müxtəlif cinsli quşlar var. Onların içərisində ən kiçiyi bildirçin sayılır ki, onun da çəkisi 50 qramdır.

Təsərrüfat sahibi quşların yemlənməsinə xüsusi diqqət göstərir. O, gün ərzində 30 kq-a yaxın yemdən istifadə edir. Quşları görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan və ətraf rayonlardan deyil, eyni  zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir.

Mirabbas kişi eyni zamanda ömrünün böyük bir hissəsini quşların öyrənilməsinə həsr edib. Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziya və bir çox ölkələrdə flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib. Mirabbas dayının zooparkında adı "Qırmızı Kitab"a düşən quşlara da rast gəlmək mümkündür.

Müəllif | Apa.Tv
Apa.tv