Neft yenidən bahalaşmağa başladı - SƏBƏB
Neftin qiymətləri 1 dollardan çox bahalaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində 64,77 dollardan 66,13 dolara qədər bahalaşıb.
Qərbi Texas neftinin qiymətində də artım var. Hazırda WTİ nefti 59,74 dollara təklif olunur.
Bahalaşmanın əsas səbəbi kimi OPEK üzvü olan Liviyanın ən böyük ixracat terminalına gedən boru xəttində baş verən partlayış nəticəsində ölkədən ixracın azalması göstərilir. Boru xəttinin fəaliyyətinin bərpası üçün uzun zaman tələb olunur. Qəza nəticəsində günlük neft ixracı 70-100 min barel arası azalıb.
Eyni zamanda Şimal dənizindən neft daşıyan boru xəttində baş verən qəzanın nəticələri də tam aradan qaldırılmayıb. Qeyd olunan səbəblərdən başqa, ABŞ-da neft istehsalının artım sürətinin azalması, bu ölkədə və bütün dünyada neft ehtiyatlarının azalması, OPEK və qeyri-kartel ölkələrinin istehsalı azaltmaq barədə razılaşmanı 2018-ci ilin sonuna qədər uzatması qiymətlərə təsir edən səbəblərdir.