Neftçalada üç oğurluq faktının üstü açıldı

Neftçala polisi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilən silsilə oğurluq cinayətlərini tərədən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Neftçala rayon sakini olan bir nəfər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus qarajdan oğurluq edildiyini bildirib.

 

Qeyd edilən ünvanda araşdırma aparılan zaman məlum olub ki, qarajdan ümumi dəyəri  4610 manat dəyərində məişət avadanlıqları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.

 

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb. Onlar ifadələrində rayon ərazisində daha bir neçə fərdi yaşayış evindən məişət əşyaları oğurlayaraq satdıqlarını bildiriblər. Oğurlanan əşyaların bir qismi müəyyən edilərək maddi sübut kimi götürülüb.

 

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakinlərindən birinə məxsus evə girərək 1200 manat dəyərində kompüteri oğurlamaqda şübhəli bilinən Orxan Bayramov saxlanılıb. Oğurlanan kompüter saxlanılan şəxsin yaşadığı evin  zirzəmisindən aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşa məxsus həyətyanı sahədən alüminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb. Törətdiyi əməli etiraf edən E.Həsənov tor hasarları satdığını bildirib.

 

Qeyd edilən faktlarla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd