"İslam həmrəyliyi və media" mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
"Bu il Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində ciddi tədbirlər görülüb. İslam Həmrəyliyi ili çərçivəsində mühüm işlər həyata keçirilib". APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi hüquq-mühafizə orqanları ilə birlikdə dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirib:
"Nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb. Azərbaycanda ictimai-siyasi, dini sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir".
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində Dövlət Komitəsinin dini qurumlara maddi yardım göstərmək səlahiyyətinin olmadığı, bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirilib. O bildirib ki, dövlət din xadimlərinə və dinimizə himayədarlığı həyata keçirməlidir:
"Əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər. Bizim dini icmalara yardımımız hər hansı bir qanun pozuntusu deyil, bu, qanuna uyğun şəkildədir. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhərindəki Məşədi Dadaş məscidinin dini icması tərəfindən təşkil edilən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Tədbirdə KİV təmsilçiləri arasında "İslam həmrəyliyi və media" mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər arasında APA TV-nin əməkdaşı Könül Cəfərli də var.