ARZAMASDA QARŞIDURMA: yerli sakinlər ermənilərin kafesinə hücum çəkdi
Rusiyanın Arzamas şəhərində miqrantlara yerli əhali arasında toqquşama baş verib. Toqquşmaların baş verməsinə səbəb 26 yaşlı tələbə Aleksandr Slakayevin münaqişə zəminində Ermənistan vətəndaşına məxsus “Oçak” adlı kafedə öldürülməsi olub. Artıq ölüm faktında şübhəli bilinən üç nəfər saxlansa da, yerli camaat məsələni milliləşdirib və miqrantlara hücum edirlər. Yerli sakinlər bir neçə mağazanın vitrinini sındırıblar. Etirazçıların əsas hədəfi isə iki erməni kafesidir. Sakinlər həmin kafelərin bağlanmasını tələb ediblər.
APA TV-nin xəbərinə görə, polis iğtişaşlarda iştirak edən onlarla şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin Nijeqorod əyaləti üzrə Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Olqa Kravçuk bildirib ki, saxlanılan gənclər sərxoş vəziyyətdə olublar. Hazırda isə vitrinlərin sındırılmasında günahı olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat axtarışları davam edir.