Zərdabda fantastik oğurluq: marketdən 65 min manatlıq siqaret oğurlandı

Zərdab rayonunda marketdən 65 min manat dəyərində siqaret oğurlanıb. Bu barədə APA TV-nın yerli bürosuna DİN mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Bildirilir ki, sentyabrın 30-da Zərdab rayon sakini Araz Əliyev polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus mağazadan oğurluq edildiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən obyektin maliyyə təsərrüfatına baxış zamanı 65 min manat dəyərində tütün məmulatları oğurlandığı müəyyən olunub.

 

Faktla bağlı Zərdab RPŞ-də aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 25-də cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

 

Araşdırmalarla M.Əsədovun işlədiyi mağazadan tanışı A.Kərimov ilə birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatları oğurladıqları məlum olub. Hər iki şəxs dindirilmə zamanı oğurlanan məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.

Müəllif | Apa.Tv
Zahid Abışov