Natiq Qədimovun atası dövlət rəsmilərinə təşəkkür etdi
Düz 35 gündür aramızda yoxdur, onun səsini, duzlu-məzəli söhbətlərini eşitmirik. Düz 35 gündür təbəssümü dodaqlarında donub, amma hər gün, hər saat gözümüz onu axtarır. "Yenə çəkilişdədi" deyirik, hər axşam işdən çıxanda yolunu gözləyirik. Hətta onun oturduğu masaya toxunmağa, o tərəfə baxmağa belə ürəyimiz gəlmir. Yoxluğu ilə barışmırıq, çünki onun səsi hələ uzun müddət qulaqlarımızda olacaq, yolunu hələ çox gözləyəcəyik. Söhbət APA TV-nin əməkdaşı, mərhum jurnalist Natiq Qədimovdan gedir.
Noyabrın 22-də vəfat edən Natiq Qədimovun ailəsinə dövlət tərəfindən böyük diqqət göstərilir. Bunu jurnalistin atası Aydın Qədimov deyir. Oğlunu qəfləti ölümün cəngindən qurtara bilməyən ağsaqqal ötən bir ay ərzində ailəni tək buraxmayan dövlət qurumlarına təşəkkürünü bildirib.
A.Qədimov bildirib ki, birinci vitse-prezident Mehriban Əliyeva Natiq Qədimovun vəfatından xəbər tutduqdan sonra ailəyə başsağlığı verib, onun adından ailə ziyarət olunub və dəstək göstərilib. Buna görə də o, dövlət başçısına və Mehriban xanıma təşəkkürünü bildirib.
A.Qədimovun sözlərinə görə, ailəyə nazir Səlim Müslümov da dəstəyini əsirgəməyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ailəmizə dəstək oldu. Mən infarkt keçirmişəm və mənə stend qoyulub. Nazirlik Natiq Qədimovun vəfatından sonra mənim və həyat yoldaşımın müalicəsini öz himayəsinə götürdü".
Natiq Qədimovun atası həmçinin deputat Azay Quliyevə, Binəqədi rayonunun icra başçısı Xalədddin İsgəndərov və icra hakimiyyətinin kollektivinə, bu rayonun bələdiyyəsinə də təşəkkürünü bildirib: "Özümə borc bildim ki, ailəmizin adından bizə dayaq olan dövlət qurumlarına, vəzifəli şəxslərə təşəkkürümü bildirim. O cümlədən "APA Holding"in, “Yeni Müsavat” qəzetinin rəhbərliyinə təşəkkür edirəm ki, bizi tək qoymadınız, acımızı işıqlandırdınız, yanımızda oldunuz".
Aydın Qədimov onu da deyib ki, mərhum jurnalistin 40 mərasimi 2018-ci il yanvar ayının 2-də Binəqədi rayonundakı "Həzrət Əli" məscidindəki mərasim zalında baş tutacaq və gün ərzində davam edəcək.