Üç alpinistdən hələ də xəbər yoxdur - AXTARIŞA HELİKOPTER CƏLB OLUNUB

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb. Nazirlikdən APA TV-yə bildirilib ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb, onlarla əlaqə kəsilib.

Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin alpinistlərin - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışına başlayıb. Həmin şəxslərin axtarışına nazirliyin Aviasiya dəstəsinin "Mi-17" tipli helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.

Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə əraziyə əlavə qüvvələrin, o cümlədən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Qeyd edək ki, həmin alpinistlərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşıdır. Polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, xidmətdən kənar vaxtı - istirahət günündə iki alpinist yoldaşı ilə birlikdə Quba rayonuna gedib və dağlarda olan pis hava şəraitində itkin düşüb.

Müəllif | Apa.Tv
Apa.tv