İçki məclisində tanışını öldürən Göygöl sakini: "MƏNİ YUMRUQLA VURDU"

Göygöldə tanışını qətlə yetirən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, həmin cinayət faktı rayon sakini, 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlunun Rövşən Nəsibov küçəsində yerləşən evində törədilib.

Müəyyən edilib ki, Q.Musayev həmin gecə tanışı, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə özləri üçün içki məclisi qurubmuş. Yeyib-içən tanışlar sərxoş olduqdan sonra isə sözləri bir-birinə xoş gəlməyib və mübahisə yaranıb.

Göygöl Rayon Prokurorluğunun böyük müstəntiqi Namiq Alıyevin sözlərinə görə, qətl şəxsi münasibətlər zəminində törədilib: "1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğluna sonuncunun evində bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) cinayət işi başlanılıb. Seymur Muradov şübhəli şəxs qismində saxlanılıb".

Saxlanılan Seymur Muradovun sözlərinə görə, qətl gecəsindən bir neçə gün əvvəl də mərhum Qəzənfər Musayevlə kafelərin birində yeyib-içiblər. Ancaq Q.Musayevin hesabı ödəyəcəyinə dair əvvəlcədən söz verməsinə baxmayaraq, sonda pul S.Muradovun cibindən çıxıb:

"Sonra görüşəndə dedim heç yaxşı olmadı keçən dəfə. Dedi heç nə olmaz, gedək yenə yeyib-içək. Yeyib-içəndə söz təzədən açıldı, mənə dedi ki, yaxşı eləmişəm. Mən də ona cavab qaytardım. Sonra məni yumruqla vurdu".

Adi inciklikdən münaqişəyə çevrilən hadisənin sonrası artıq məlumdur. S.Muradov əməlinə görə Göygöl polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər də iki dəfə məhkumluq həyatı yaşadığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv