Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmirəliyevin ailəsi ilə görüşüb.
APA TV-nin şimal bürosunun məlumatına görə, görüşdə iştirak edən nazirliyin əməkdaşı Abdulla Qurbani ön cəbhədə xidmət edən üçəmlərin atası Ə.Əmirəliyevin nümunəvi hərbçi olduğunu bildirib.
A.Qurbani gizir Ə.Əmirəliyevə ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunduğunu, amma onun hərbi xidmətini ön cəbhədə davam etdirmək istədiyini vurğulayıb. O bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən hərbi qulluqçunun xidmət etdiyi bölgədə ailə-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırıq verilib. Ailəyə ev üçün zəruri olan məişət əşyaları və ləvazimatlar hədiyyə edilib.
Görüşdə bildirilib ki, üçəmlər dekabrın 24-də prezident İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına ölkə başçısının şərəfinə İlham adı qoyulub. Qız uşaqları isə Fatimə və Zəhra adlandırılıb.
Gizir Ə.Əmirəliyev üçəm körpələrinin doğulmasını böyük sevinclə qarşıladığını, ailəsinin yanında olduğu üçün şərait yaradılmasına görə təşəkkürünü bildirib.