Özbəkistandan gətirilən limon növü astaralı fermerlərin marağına səbəb olub

Astarada Özbəkistan növü sayılan limon yetişdirilir. Zəngin tərkibə malik bu növ limonun çəkisi 1 kq-a qədər olur.

APA TV-nin cənub bürosu xəbər verir ki, bölgədə fermerlər müxtəlif cür sitrus meyvələri yetişdirməklə yanaşı çalışırlar ki, yeni növlər də əldə etsin. Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyevin bağında becərdiyi limonlar da bu növdəndir. Təsərrüfat sahibi deyir ki, ilk baxışdan böyük bir armudu xatırladan bu limonu Özbəkistandan gətirdikdən sonra calaq üsulu ilə artırmağa başlayıb.

Onun sözlərinə görə, ötən il ancaq ağacın meyvəsindən satırdısa, bu ildən başlayaraq məhsulla yanaşı, calaq yolu ilə becərdiyi ağac tinglərinin satışını da təşkil edib. Təkcə bu il 700-ə yaxın xırda tinglər satılıb. Təsərrüfat sahibi bu növdən respublikanın ayrı-ayrı bölgələrində yaşayan tanışlarına da göndərib. Z.Əliyev bildirir ki, bu limon meyvələri qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir. Həmçinin bu ağacın meyvəsi iriliyi ilə yanaşı tərkibinə görə də daha faydalı hesab edilir. Tərkibi C vitamini ilə zəngin olan bu sitrus meyvəsi bir neçə xəstəliyin də dərmanıdır.

Bu səbəbədən də Z.Əliyev növbəti illlərdə də təsərrüfatında bu növü daha da artırmağı və kütləvi satışını təşkil etməyi planlaşdırır. O əmindir ki, bu limon növü alıcılar tərəfindən böyük maraqla qarşılanacaq.

Qeyd edək ki, Özbəkistandan gətirilən limonun ən kiçiyi 300 qram, ən irisi isə 1 kq-a yaxındır. Qiymətlərə gəldikdə isə, adi limonun 1 ədədi 30-50 qəpikdirsə, özbək növü olan limonun 1 ədədinin qiyməti 2-3 manat arası dəyişir. Yeni növ olan limonun başqa bir özəlliyi odur ki, yerli limonlar mövsümə uyğun olaraq ildə bir dəfə bar verirsə, Özbəkistan limonu il boyu ardıcıl olaraq bar verməyə qadirdir. 

Müəllif | Apa.Tv
Apa.tv