Azərbaycan nefti 70 dollara yaxınlaşır - BAZARDA CANLANMA

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb.

 

APA TV-nin məlumatına görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,81 dollar artaraq 68,18 dollar təşkil edib.

 

Digər neft markaları isə sutka ərzində ciddi ucuzlaşsa da, yenidən bahalaşıb və ötən gün səhər saatlarında satılan qiymətə təklif edilir. Hazırda "Brent" markalı neftin bir bareli 66,14 dollardan satılır. Qərbi Texas nefti isə 59,77 dollardan təklif olunur.

 

Son günlər baş verən hadisələr neftin qiymətinə müsbət təsir edir. Liviyada ən böyük ixracat terminalına neft daşıyan boru xəttinin sıradan çıxması bu ölkədəki neft hasilatını OPEK razılaşmasında göstərilən səviyyədən də aşağı salıb. Xəttin bərpası üçün təxminən 1 həftəyə ehtiyac olduğu bildirilir. Şimal dənizində baş verən boru qəzasının nəticələri isə artıq aradan qaldırılıb.

 

Digər tərəfdən, Amerika Neft İnstitutun hesabatına görə, xam neft ehtiyatları ötən həftə də azalıb. Bu gün açıqlanacaq rəsmi rəqəmlərdə ehtiyatların daha da azalacağı proqnozlaşdırılır.

 

Qeyd olunanlar qiymətlərin son iki ildə ən yüksək səviyyəsinə çıxmasına səbəb olub.

 

Mütəxəssislər isə qiymətlərin bahalaşmasının qarşısını alacaq əsas amilin ABŞ-da neft istehsalının artması olacağını deyir. Qaya neftinin qiymətinin 50 dolların üzərində olması sərfəlidir. Qərbi Texas nefti uzun müddətdir 50 dollarlıq baryeri aşıb. Buna baxmayaraq əvvəl ABŞ-da ardıcıl baş verən qasırğalar, indi isə qışın gəlməsi ilə hasilatda yaranacaq problemlər istehsalın ciddi artmasına mane olur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı