Tillerson: Moskva ilə Vaşinqton arasında ən böyük narazılıq Əsədə görədir"

"Cenevrə danışıqları "Bəşər Əsəddən və onun ailəsindən azad olunmuş" Suriyanın yaradılması ilə nəticələnə bilər". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə ABŞ-ın dövlət katibi Reks Tillerson çıxış edib.

O əlavə edib ki, Moskva ilə Vaşinqton arasında fikir ayrılıqları da məhz Əsədə görədir. Dövlət Departamentinin rəhbəri qeyd edib ki, ABŞ Rusiyanın BMT-nin təşkilatçılığı ilə keçirilən Cenevrə prosesinə uyğun hərəkət edəcəyinə ümid edir. Xatırladaq ki, Cenevrədə dekabrın 14-də başa çatan Suriya danışıqlarının 8-ci raundu rekord müddətdə - 3 həftə davam edib və gözlənilən nəticəni verməyib.

BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura son danışıqları "əldən verilən qızıl fürsət" kimi dəyərləndirib.

Dövlət katibi həmçinin Moskvanın son illərdəki aqressiv siyasəti, Ukrayna və Gürcüstan ərazisinə daxil olaraq, bu ölkələrin suverenliyini pozmağa yönələn cəhdlərini əsas gətirərək, ABŞ və digər ölkələrdəki seçkilərə kobud müdaxilə etməsinin hazırkı şəraitdə Rusiya ilə münasibətlərin normallaşacağına ümidləri heçə endirdiyini bildirib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov