XİN: Bu ilin ikinci yarısında danışıqlar prosesində canlanma olub
2017-ci ilin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib: "Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub".
Hikmət Hacıyev deyib ki, 2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək: "Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən artıq dövlət iştirak edir. Qoşulmama Hərəkatının sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək".
XİN rəsmisi bildirib ki, bu il ərzində ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Azərbaycan bu təkliflərə müsbət baxır: "Belə bir fikirlər var və həmsədrlərin son bəyanatında da bu məqam əksini tapıb. Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir".
Hikmət Hacıyev itkin düşmüş 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparıldığını deyib. O bildirib ki, Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısında 600-dək insanın adı var. Ötən il 10-a yaxın şəxs adının çıxarılması ilə bağlı Azərbaycana müraciət edib. Müraciətlərin əksəriyyəti təmin olunub.