Əfqanıstanda ard-arda terror aktları: 40 ölü
Əfqanıstanda ard-arda terror aktları törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ilk partlayış Kabulun qərbində yerləşən məscidlərdən birinin yaxınlığında baş verib.
Üzərinə bomba bağlayan terrorçu özünü partladıb. Onun hədəfində "Səda-i-Əfqan" xəbər agentliyinin binası olub. Terror aktı nəticəsində 13 nəfər ölüb, 50 yaralının olduğu bildirilir.
Daha sonra paytaxtdakı Mədəniyyət Mərkəzinin binası önündə daha bir partlayış qeydə alınıb. Bu hadisə nəticəsində 21 sakin ölüb.
Ölkənin şimalındakı Bəlx vilayətində quraşdırılmış minanın partlaması nəticəsində isə 6 uşaq həyatını itirib. Uşaqlar 8-10 yaşlarında olub.
Hadisələrin törədilməsində "Taliban" ittiham olunsa da, terror qruplaşması məsuliyyəti hələ ki üzərinə götürməyib.
Xatırladaq ki, üç gün əvvəl Kabulda ölkənin Kəşfiyyat Xidmətinin binasına silahlı hücum olub, həmin hadisədə 5 nəfər ölmüşdü.