Ağ Evdə İrana qarşı plan hazırlanıb - ABŞ VƏ İSRAİL NECƏ HƏRƏKƏT EDƏCƏK?

ABŞ və İsrailin İran əleyhinə gizli planı ortaya çıxıb. APA TV-nin məlumatına görə, bu barədə İsrailin "Channel Ten" kanalı bildirib.

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, plan iki həftə əvvəl İsrail nümayəndələrinin Vaşinqtona gizli səfəri zamanı Ağ Evdə hazırlanıb.

Nümayəndə heyətinə Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabat rəhbərlik edib. ABŞ tərəfindən isə müzakirələr Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Gerbert Makmasterin başçılığı ilə aparılıb.

Danışıqlar iki gün davam edib və nəticədə İranın bölgədə həyata keçirdiyi siyasətə qarşı hansı addımların atılacağı razılaşdırılıb. Planın reallaşdırılması üçün dörd xüsusi qrup yaradılıb. Birinci qrupa İranın nüvə proqramının detallarını öyrənmək təlimatı verilib.

İkinci və üçüncü heyətə ardıcıllıqla İranın Suriya və Livanda apardığı siyasətini, Tehranın dəstəklədiyi "Hibullah" və HƏMAS qruplaşmalarının manevrlərini ifşa etmək, habelə İranın raket sınaqlarını incələmək tapşırılıb. Dördüncü qrup isə İranın regionda gələcək addımlarını aydınlaşdırmaqla məşğul olacaq.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bir neçə gün öncə ölkəsinin İrana qarşı beynəlxalq koalisiya yaradacağını bəyan edib.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov