Bakıda tikintisi davam edən binalardan 26 min manatlıq kabel oğurlandı

Bakıda tikintisi davam edən binalardan elektrik naqilləri oğurlanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları rayon ərazisində tikintisi davam edən binalardan elektrik naqilləri oğurlayan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

 

Bölməyə ərizə ilə müraciət edən MTK-lardan birinin rəhbərliyi inşa etdirdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan naqilin oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.

 

25-ci Polis Bölməsinin baş təhqiqatçısı Arıf Qarayev bildirib ki, daha bir MTK-dan 25-ci Polis Bölməsinə müraciət daxil olub ki, oradan da naqillər oğurlanıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs birinci MTK-ya 917 manat, 2-ci MTK-ya isə 25 min manat maddi ziyan vurub.

 

Hadisədən sonra saxlanılan şəxs naqillərin bir hissəsini yandıraraq, əldə olunan mis kütləsini paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli