7 avtomobil oğurladı və... söküb satdı

Bakıda avtomobil oğrusu yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

 

Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumulyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

 

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli