ABŞ-da hasilat azaldı, neftin qiyməti bahalaşdı

ABŞ-da neft hasilatının və xam neft ehtiyatlarının azalması birjalarda “qara qızıl”ın dəyər qazanmasına səbəb olub.

 

APA TV-nin məlumatına görə, hazırda birjalarda “Brent” markalı neftin 1 bareli 66,58 dollardan satılır, Qərbi Texas neftinin 1 bareli isə 60,22 dollara təklif olunur.

 

ABŞ Energetika Nazirliyinin açıqladığı hesabata əsasən, ölkədə sutkalıq hasilat həcmi ötən həftəyə nisbətən azalaraq 9,754 milyon barel təşkil edib. Həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 4,61 milyon barel azalaraq 4,31 milyon barelə enib. Hər iki amil neftə olan tələbatı artırdığından qiymətlər bahalaşıb.

 

Analitiklər gələn ilin sonuna kimi ABŞ-da sutkalıq neft hasilatının 10 milyon bareli keçəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bahalaşmasına Çin iqtisadiyyatının durumuna dair pozitiv göstəricilər və OPEk ölkələrinin hasilatı azaltmaq barədə sazişə əməl etməsi də ciddi təsir göstərir.

 

Qeyd edək ki, birjalarda ilin son seansları bu gecə başa çatacaq. 

Müəllif | Apa.Tv
Apa.tv