Səudiyyədən "Yeni Məkkə" layihəsi - HƏDƏF NƏDİR?

Səudiyyə Ərəbistanı Həcc zamanı ziyarətçi sayını artırmaq üçün yeni layihələrin icrasına başlayır.

 

APA TV-nin ölkənin dövlət agentliyi SPA-ya istinadən məlumatına görə, ziyarətçi sayının 30 milyona çatdırılması planlaşdırılır və layihə çərçivəsində əsas işlər Məkkədə görüləcək.

Ölkənin Ciddə şəhərində bununla bağlı "Məkkə İnşaat Sərgisi və Konfransı" adlı tədbir keçirilib. Tədbirdə "Yeni Məkkə"nin maketi təqdim olunub.

Layihənin təqdimatında özəl və dövlət sektorundan olan şirkətlər qatılıb. Layihəyə əsasən Məkkədə - xüsusilə Kəbə evi ətrafının genişləndirilməsi, yeni elektrik, su xətlərinin çəkilişi, tibb müəssisələrinin modernləşdirilməsi, hotellərin sayının artırılması, nəqliyyat vasitələrinin müasirləşdirilməsi və Ciddədəki hava limanının böyüdülməsi planlaşdırılır.


İşlərin yekunlaşdırılması istiqamətində fəaliyyət "Səudiyyə Ərəbistanı - 2030" layihəsi çərçivəsində davam edəcək.
 

Xatırladaq ki, son illər Məkkə yalnız 5 milyon ümrə və Həcc ziyarətçisini qəbul etmək iqtidarındadır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov