Polis rəisi: "Azərbaycanda narkomaniya 15-16 yaşa enib"

Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə məktəbin müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyəti, Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil üzrə metodist, həkim-narkoloq iştirak edib.

 

Tədbir iştirakçıları "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxıb.

 

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov bildirib ki, ölkədə narkomaniya yaşının gəncləşməsi çox ciddi problemdir: "Ən narahatedici odur ki, yaş həddi azalır. Düzdür, bizdə Rusiyada, başqa ölkələrdə olduğu kimi, 12-13 yaş deyil. Artıq ölkəmizdə 15-16 yaşa enib narkomaniyanın yaşı. Təəssüflər olsun ki, narkoman qadınların sayı artıb".

 

Çıxışlarda narkotik vasitələrin ölkəmizə hansı yollarla gətirildiyi, bunlara qarşı hansı tədbirlərin görülməsi barədə ətraflı məlumat verilib.

 

Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova qeyd edib ki, "ağ ölüm" olan narkotik vasitələr insanın həm də sağlamlığını əldən alaraq onu əzablarla dolu ömür yaşamağa məcbur edir: "İnsanın sağlamlığı olmayanda o insan nə işləmək, nə oxumaq, nə də ailəsinin qayğısını çəkmək istəyir. Ancaq canının dərdində olur ki, mən heç nə edə bilmirəm. Ona görə də mən üzümü tutub deyirəm ki, sağlamlığınızın qeydinə qalın".

 

Tədbir iştirakçıları və məktəb rəhbərliyi Nardaran kəndində erkən nikah hallarının baş verdiyini bildirib, məktəbli qızlara bu məsələdə dövlət orqanlarının istənilən cür köməklik edəcəyini vurğulayıb.

 

Tədbirin sonunda şagirdlərin suallarına cavab verilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı