İmişlidə maşın və mal-qara oğrusu yaxalandı
İmişli rayonu ərazisində oğurluq edən 2 nəfər şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Aparılan araşdırmalar zamanı həmin şəxsin 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Qəfər oğlu Məmmədov olması aydınlaşıb.
Ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, bu ilin oktyabr-dekabr ayları ərzində rayon ərazisində daha 2 baş qoyunu, 1 baş inəyi oğurlaması, həmçinin bir rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobili qaçırması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən noyabrın 26-da avtomobilin qaçırılmasında onunla birgə iştirak etmiş qohumu da müəyyən edilib və görülmüş tədbirlərlə Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Xəlil Hüseyn oğlu Xəlilov da saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.