Azərbaycana 50 min ədəd pirotexniki vasitənin keçirilməsinin qarşısı alındı
Dekabrın 28-də Sınıq Körpü sərhəd-keçid məntəqəsindən Azərbaycana 50 min ədəd pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, bunların arasında sağlamlıq üçün təhlükəli olan və yüksək səs çıxartma qabiliyyətinə malik vasitələr də aşkarlanıb.
Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən bildirilib ki, son iki ay ərzində məntəqədən ölkə ərazisinə keçirilməyə cəhd olunan və dəyəri 14 min manat olan 380 mindən çox pirotexniki vasitə zərərsizləşdirilib. Ümumilikdə 2017-ci ərzində dəyəri 100 min manatdan çox olan 1 milyon 100 min ədəd pirotexniki vasitə Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq müsadirə edilib.
Sərhəddən pirotexniki vasitələrin keçirilməsinə cəhd daha çox Yeni il və Novruz bayramı ərəfəsində qeydə alınıb. Pirotexniki vasitələri qanunsuz yolla ölkəyə keçirməyə cəhd edən ayrı-ayrı vətəndaşlar barəsində icraat başlanılıb və toplanmış materiallar məhkəmə orqanlarına təhvil verilib.