Qüdrət Həsənquliyev: "Bəzi icra başçıları sahibkarlardan aldıqları malların dəyərini ödəmir"
Bu gün Milli Məclisin (MM) payız sessiyasında son plenar iclası keçirilib. APA TV-nın məlumatına görə, iclasa spiker Oqtay Əsədov sədrlik edib.
Gündəliyinə 19 məsələ daxil edilən iclas cari məsələlərin müzakirəsi ilə başlayıb. Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması deputatların etirazına səbəb olub.
Deputat Fərəc Quliyev Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb.
Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilməsini təklif edib.
Əflatun Amaşov qeyd edib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur.
Aytən Mustafayeva da Gürcüstan baş nazirinin bu fikrinə sərt etirazını ifadə edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib:
“Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.
Daha çox iqtisadi sahədə baş verən proseslərdən narahatlığını bildirən millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu bildirib.
“Bu sahədə çox ləng iş gedir və hiss olunacaq səviyyədə deyil. Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa, 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.
Millət vəkili Qənirə Paşayeva ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini təklif edilib.
“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev qeyd edib ki, bəzi rayonların icra başçıları sahibkarları incidir:
“Çox təəssüf ki, bəzi icra başçıları sahibkarları incitməkdə davam edir. Bayramqabağı olduğundan mən ad çəkmirəm. Bizə bununla bağlı çoxlu müraciət daxil olur. İcra başçıları xüsusilə kiçik sahibkarlardan aldıqları tikinti materialları və digər malların dəyərini ödəmir. Biz həmin icra başçıları ilə telefon əlaqəsi yaratmaq istəsək də, onlar zəngə cavab vermirlər”
Q.Həsənquliyev sahibkarların ləğv prosesində olan bankların girovluğunda olan əmlakları ilə bağlı narahatlığını da diqqətə çatdırıb.
İclasda həmçinin bir sıra sənədlərə düzəlişlər səsə qoyularaq qəbul olunub. Bunlar “Yol hərəkəti haqqında", "Dövlət qulluğu haqqında" qanunlara, o cümlədən miqrasiya və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir. Texniki düzəlişlərdən ibarət dəyişikliklər layihələr üzrə ayrılıqda səsə qoyularaq təsdiqlənib.
İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır. Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.
Bununla da Milli Məclisin 2017-ci ildə son iclası başa çatıb.