Təqaüdçüləri aldadıb kartlarındakı pulu ələ keçirdi
Qubada təqaüdçülərə qarşı dələduzluq edən şəxs saxlanılıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, dekabrın 26-da Quba rayonunun Yuxarı-Tülər kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də təqaüdünü almaq üçün “Kapitalbank”ın bankomatına yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.
Evinə gəldikdə isə qaytarılan kartın ona məxsus olmadığını öyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.
RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayonunun Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.
İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib: "Bir xanım gəldi kömək istədi. Pulu çıxardım, 170 manatı aldım qoydum cibimə. Daha bir xanımın 500 manat pulunu çıxardım. Daha sonra bir ağsaqqalın 1300 manatı çıxarıb mənimsədim".
Sözügedən faktlarla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. İ.Şahbazovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Quba RPŞ-yə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.