Prezident İlham Əliyev: "Yanardağ" qoruğundakı şərait dözülməzdir"
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
APA TV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Qeyd edilib ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.
Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin və əhalinin gediş-gəlişi xeyli asanlaşıb, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmalarına imkan yaranıb.
Dövlət başçısına Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verilib. Bildirilib ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Prezident İlham Əliyevin sərəncamına əsasən, bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsi və Binəqədi şosesi yenidən qurularaq bu ərazidə müasir yol infrastrukturu yaradılıb. Azadlıq prospektinin Ziya Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1 kilometrlik hissəsi tamamilə yenidən qurulub.
Dövlət başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.