Xanımının və qardaşı arvadının qızıllarını oğurladı

Şəmkir sakininin evindən külli miqdarda qızıl zinət əşyaları oğurlanıb.

 

APA TV-nin xəbərinə görə, dekabrın 26-da rayonun Bayramlı kənd sakini Elman Cəfərov Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən ümumi dəyəri 38 min manat olan qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib.

 

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğru çox da uzaqda deyil. Qızılları ailənin üzvü, şikayətçi Elman Cəfərovun oğlu Şahmar Cəfərov oğurlayıb. Zinət əşyaları da Şahmarın öz həyat yoldaşının və qardaşının həyat yoldaşının olub.

 

Şahmar Cəfərov ilkin dindirmə zamanı xoşagəlməz əməlini etiraf edib. Qızıl-zinət əşyalarının çox hissəsini satsa da, amma bir qismi ondan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli