İtkin düşmüş alpinistlərə aid ayaq izləri tapıldı - DAĞLARDA AXTARIŞ GEDİR

"Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar" Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir".

Bunu APA TV-yə axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

O bildirib ki, ərazidə hava şəraiti çox soyuqdur. Havanın temperaturu mənfi 10-15 dərəcədir. Axtarış Tufandağın ətəyində, ən yüksək hündürlüklərdə həm helikopter vasitəsilə, həm də şəxsi heyətin iştirakı ilə aparılır. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Ş.Mirzəyev qeyd edib ki, itkin düşmüş alpinistlərə aid olduğu ehtimal edilən ayaq izləri aşkarlanıb. Ayaq izlərinin ölçülərindən biri kiçikdir, xanıma aid olduğu ehtimal edilir. Lakin izlər 15 metrdən sonra itir. Onlar dekabrın 24-ü Tufandağın ətəyində sonuncu dəfə mobil şəbəkəyə qoşulub.

Qeyd edək ki, bu gün səhər saatlarında yenidən axtarış işlərinə başlanılacaq.

Müəllif | Apa.Tv
Apa.tv