Masallı sakininin faytonlu velosipedi: "TOYLARDAN SİFARİŞ DƏ GƏLİB"

Masallı sakini faytonlu velosiped düzəldib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə gorə, yeni dizayn verilən bu velosiped eyni vaxtda bir neçə nəfəri daşımaq qabiliyyətinə malikdir.

Günümüzdə müxtəlif markalı avtomobillərlə gəzintiyə çıxmağı sevənlər çox olsa da, qeyri-adiliyi ilə bir qədər keçmiş dövrün təəssüratlarını özündə əks etdirən minik vasitələrinə də maraq az deyil. Elə Masallı rayonunun Xanaliyon kənd sakini Əkrəm Cabbarov kimi. Faytonlu velosiped hazırlamaq Əkrəmin çoxdankı arzusu olub. Bunun üçün lazım olan ehtiyat hissələri topladıqdan sonra cəmi 25 gün vaxt sərf etməklə sərnişin daşımaq qabiliyyətində olan faytonlu velosipedi hazırlayıb.

Bu minik vasitəsi üç nəfər böyük, altı nəfər isə kiçik yaşlı insanı rahat daşıyır. Faytonlu arabadan istifadə edən kənd sakinləri minik vasitəsinin çox rahat olduğunu deyir. Onlar hətta öz uşaqlarını yenicə hazırlanmış bu faytonlu velosipedə mindirərək məktəbə yola salır.

Ə.Cabbarov deyir ki, düzəltdiyi bu minik vasitəsindən qazanc əldə etmək üçün toy mərasimlərinə bəy və gəlin aparılmasında istifadə edəcək. Artıq o bu məqsədlə iki sifariş də qəbul edib.

Velosiped ustası hazırda yeni bir texnika üstündə də çalışır. O, gələcəkdə kotan qoşaraq velosipeddən yer şumlanmasında da istifadəni nəzərdə tutur.

Müəllif | Apa.Tv
Apa.tv