Trampdan İrandakı iğtişaşlara münasibət: "Gözümüz ordadır"
"İran hakimiyyəti xalqın tələblərinə hörmətlə yanaşmalıdır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampa məxsusdur.
Ağ Ev rəhbəri bu barədə "Twitter" səhifəsində yazıb: "İran rejimi korrupsiyadan qazandığını və ölkənin gəlirlərini terroru dəstəkləməyə xərcləyir. Vətəndaşlar bundan bezib. Etirazlar məhz buna görədir. Rəsmi Tehran öz haqqını tələb edən insanlara qarşıdır. Dünyanın gözü İrandadır".
Dövlət Departamentinin rəsmisi Hezar Nauret isə aksiyalarda həbs edilən insanların yanında olduqlarını deyib: "İran hakimiyyəti zəngin tarixi, mədəniyyəti olan bir dövləti şiddət, qan və xaos ixrac edən, iqtisadiyyatı məhv olmuş bir ölkəyə çevirib. İran liderlərindən ən çox zərər görən xalqdır. Biz həbsləri qəti şəkildə qınayırıq. Dünya ölkələrinə də bunu tövsiyə edirik".
Xatırladaq ki, İranın Rəşt, İmamşəhr, Yəzd və Məşhəd də daxil olmaqla bir neçə şəhərində yüzlərlə etirazçı küçələrə çıxıb.
Etirazçılar ölkədəki sərt qayda-qanunlara, habelə ağır sosial-iqtisadi vəziyyətə, eləcə də qiymət artımına etiraz olaraq hökumət və prezident əleyhinə şüarlar səsləndirib.