2018-ci neft ili: birjaların qibləsi Səudiyyə Ərəbistanı olacaq
Dekabrın 31-də təkcə təqvim ili başa çatmır, bu həm də neft ilinin başa çatdığı tarixdir. İl ərzində “Brent” markalı neftin minimum qiyməti 44,35 dollar olub, ən yüksək qiymət isə 67,1 dollar təşkil edib. Bu il yanvarın 1-də “Brent” neftinin bir bareli 56,14 dollara satılıb, ilin son birja günündə isə qiymətlər 66,58 dollara çatıb. 2017-ci ildə 10,5 dollar dəyər qazanan neftin il ərzində ən ucuz və ən baha qiyməti arasında fərq 23 dollara yaxın olub.
İl boyu qiymətlərin formalaşmasına təsir edən amilləri təhlil etdikdə siyasi amilləri birinci sıraya qoymaq lazım gəlir. Neftin bahalaşmasının əsas səbəbi sözsüz ki, OPEK ölkələrinin hasilatı azaltmaq barədə öhdəlik götürməsi, qlobal neft paktı adlandırılan sənədə kartelə üzv olmayan ölkələrin də qoşulmasıdır. Məhz neft ölkələrinin sövdələşməsi nəticəsində neftin qiyməti 2017-ci ildə sabitləşib, bir müddət sonra isə bahalaşma trendinə daxil olub. İlin sonunda sazişin müddətinin uzadılmasına dair növbəti razılaşmanın əldə edilməsi də son altı həftə ərzində qiymətləri dəstəkləyən əsas amil olub.
Qiymətlərin formalaşmasına təsir göstərən ikinci amil ABŞ-da tam sürətlə davam edən “şist nefti” inqilabıdır. Birləşmiş Ştatlar texnoloji yeniliklər tətbiq etməklə şist nefti hasilatını artırmağa nail olub, bununla da OPEK-in dünya bazarında dominant rolunu azalda bilib. Artıq uzun müddətdir ki, bazarda qiymətlər ABŞ-OPEK qarşıdurmasında qısa və orta müddətli nəticələrə əsasən formalaşır və hazırda “neft oyununda OPEk cəmi bir top fərqi ilə öndədir.
Fərqin aradan qalxması, yaxud ucuz neft tərəfdarı olan ABŞ-ın bazarda üstün mövqeyə keçməsi istisna deyil. Əksəriyyət hesab edir ki, ABŞ-da hasilat prosesinə yeni texnologiyaların tətbiqi neftin maya dəyərini aşağı salacaq, bununla da masa arxasında Birləşmiş Ştatların əli güclənəcək. Digər tərəfdən “OPEK+” sazişini imzalamış ölkələr arasında bu razılaşmanın sonadək effekt verəcəyinə şübhələr var. Son Vyana görüşü bazarda ciddi payı olan ölkələrin siyasi və iqtisadi səbəblərdən sazişə qoşulmamaq istəyini ortaya qoydu, hətta Birləşmiş ərəb Əmirlikləri də daxil olmaqla bəzi ölkələr sazişdən çıxmaq hüququna sahib olduqlarını bəyan etdilər. Əgər OPEK cəbhəsində qlobal neft paktına münasibətdə separatçı meyllər 2018-ci ildə daha da güclənsə, bu, ABŞ-ın yürütdüyü ucuz neft siyasətinin lehinə işləyəcək.
2018-ci ildə neftin orta qiyməti necə olacaq, neft baha, yoxsa ucuz olacaq? Qiymətlər həm də siyasi amillər sayəsində formalaşdığından analitiklər gələn il üçün proqnoz verməkdə çətinlik çəkirlər. Proqnozları ümumiləşdirsək, gələn il neftin minimum qiymətinin 50 dollar, maksimum qiymətinin isə 62 dollar olacağı ehtimal edilir. Məsələn, Rusiyanın tanınmış ekspertləri hesab edir ki, gələn il neftin qiyməti 56-60 dollar aralığında dəyişəcək. OPEK-in 2018-ci il üçün proqnozları daha bədbindir, kartel neftin orta qiymətinin 50-55 dollar olacağını ehtimal edir. Goldman Sachs analitikləri isə qiymətlərin 62 dollar ətrafında sabitləşəcəyini hesablayıblar. Belə görünür ki, bazardakı bütün oyunçular istənilən halda gələn il qiymətlərin indiki 66 dollar səviyyəsindən aşağı olacağı ilə barışıb və bütün planlarını bu gerçəklik üzərinə qurublar.
Proqnozları alt-üst edəcək amillər varmı? 2017-ci ildə dünyada gedən proseslər və bu proseslərin neft bazarına təsiri göstərdi ki, artıq hətta irimiqyaslı müharibələr, yaxud bütün dünyaya təsir edən siyasi böhranlar belə nefti kəskin bahalaşdırmağa qadir deyil. Bu reallıqdır, lakin ehkam, yaxud aksioma deyil. Çünki qiymətlər həm də Səudiyyə Ərəbistanında gedəcək proseslərdən asılıdır. O ölkədən ki, OPEK-in faktiki lideridir, qlobal neft paktının əsas təşəbbüskarıdır və neftin ucuzlaşmasından ən çox zərər görmüş bir ölkədir. Bu ölkədə hakimiyyət dəyişikliyi, yaxud Səudiyyənin İranla irimiqyaslı hərbi əməliyyatlara başlaması sözsüz ki, neftin qiymətinə ciddi təsir etmiş olacaq. Yəni, 2018-ci ildə neftin qiymətinə dair proqnoz vermək üçün Səudiyyə Ərəbistanında gedən prosesləri diqqətlə izləmək lazım gələcək.