Hacıqabul gölü bərpa ediləcək - YENİ SUVARMA KANALI ÇƏKİLİR
Hacıqabulda mənbəyini Kür çayından götürən və uzunluğu 28 kilometr olan suvarma kanalı inşa edilir.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, məqsəd rayonun Pirsaat massivində 4800 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməkdir.
Artıq həmin ərazidə aqroparkların tikilməsi üçün torpaq sahələri ayrılıb, kanalın birinci mərhələsinin tikintisi başa çatıb. Mütəxəssislərin fikrincə, dəmyə torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün yeni kanalların tikintisi əhəmiyyətli rol oynayacaq. Uzunluğu 27605 metr olacaq kanal mənbəyini üzən nasos vasitəsilə Kür çayından götürməklə gücü saniyədə 4 kubmetr olacaq. Kanalın çəkilişi iki mərhələdə aparılır. Birinci mərhələdə 4905 metr uzunluğunda torpaq kanal, 15300 metr beton kanal, 7400 metr ikixətli boru xətti, nasosxana və yardımçı tikililər inşa olunacaq. 2-ci mərhələdə isə nasos stansiyasının tikintisi başa çatdırılacaq. Bundan əlavə, iki xətdən və diametri 1020 millimetrlik metal borudan ibarət uzunluğu 7400 metr olan boru xəttinin çəkilişi davam edir.
Tikintinin ikinci mərhələsinə may ayından başlanılıb. Artıq 3600 metr beton kanalın tikintisi başa çatıb. Nasos stansiyasında əsas işlər yerinə yetirilib. Bir müddət sonra quraşdırma işlərinə başlanacaq. Su qəbul edən hovuzda da tikinti işləri başa çatıb.
Tikinti trayektoriyası boyunca 3 keçid nəzərdə tutulur. İkisi dəmir yolunun, biri isə asfalt yolun altından keçəcək.
Kanal istifadəyə verildikdən sonra suvarılması nəzərdə tutulan 4800 hektar torpaq sahəsindən əlavə, ətrafda yerləşən 5 kəndin suvarma suyuna olan tələbat da ödəniləcək. Yeni su kanalı işə düşdükdən sonra bu ərazilərdə həmçinin mal-qaranın sayının artırılmasına da şərait yaranacaq.
Qeyd edək ki, Pirsaat əraziləri bu günədək yağış sularının hesabına su ilə təmin olunub. Yeni kanalın çəkilişi həm də Hacıqabul gölünün ekosisteminin bərpa olunmasına da yardımçı olacaq. Suvarma mövsümü başa çatdıqdan sonra Hacıqabul gölü bu kanaldan qidalanmağa başlayacaq. Bütövlükdə isə ümumi dəyəri 25 milyon manat olan bu layihənin tikintisində 60-a yaxın texnika, 100 nəfərə yaxın işçi cəlb edilib.