Yeni ilin ilk polis reydi: "AVTOŞLAR", SƏRXOŞ SÜRÜCÜLƏR...
Bayram günləri, xüsusilə axşam saatlarında spirtli içki qəbul edib sükan arxasına oturanların sayı artıb. Belə sürücülərə qarşı reydlər keçirilib. Astarada görülən tədbirlər nəticəsində bir sıra digər ciddi qayda pozuntuları da aşkar edilib.
APA TV-nin Cənub bürosunun məlumatına görə, bayram günlərində gücləndirilmiş rejimdə çalışan polis həm də yollarda hərəkətin təhlükəsizliyi baxımından tədbirlərini davam etdirir. Astara rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsi tərəfindən şəhər ərazisində təşkil olunan reyddən məqsəd də yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücülərin aşkarlanması olub. Bayram günü olduğu üçün içdiyini bəhanə gətirən kim, spirtli içki içdiyini gizlədən kim, az içdiyini və sərxoş olmadığını iddia edən kim...
Üç saata yaxın davam edən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Bunlardan üçü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb. Lakin reyd zamanı aşkarlanan təkcə sərxoş sürücülər deyildi. Təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olundu.
Qeyd edək ki, keçirilən reydlərin nəticəsi olaraq, ötən illə müqayisədə rayon ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı 2 dəfədən çox azalıb.