Zaqatalada müəmma: YENİ İL GECƏSİ EVDƏN BİR QADIN, 2 AZYAŞLI QIZIN MEYİTİ TAPILDI
Dekabrın 31-də Zaqatala rayonundakı evlərdən birində dəm qazından öldükləri ehtimal edilən 3 nəfərin meyiti tapılıb.
APA TV-nin məlumatına görə, Zaqatala Rayon Prokurorluğundan Hacı Zeynalabdin Tağıyev küçəsi ev 2, mənzil 14 ünvanında aşkarlanan meyitlərin 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızına aid olduğu bildirilib.
Hadisə yerinə rayon Polis Şöbəsi, Zaqatala rayon Qaz İstismar Sahəsi, habelə məhkəmə-tibb ekspertlərinin iştirakı ilə baxış keçirilib, mətbəx və bir hamam otağından ibarət evin kustar üsulla çuqun materialdan hazırlanmaqla, rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırıldığı aşkarlanıb.
Meyitləri evdə Nuranə Muxtarlının keçmiş həyat yoldaşı İlqar Məmmədov uşaqlarına bayram sovqatı verməyə gəldiyi zaman tapıb. O, İlkin ifadəsində bildirib ki, qapını ona azyaşlı oğlu Altun Məmmədzadə açıb. Evə daxil olduqda isə qızı Nilay və qaynı qızı Fatimənin meyitlərini yataq, keçmiş həyat yoldaşı Nuranənin meyitini isə hamam otağında aşkarlayıb və qonşuları köməyə çağırıb.
Hadisə yerindən qida və ya dəm qazı zəhərlənməsi ehtimalları nəzərə alınaraq, nümunələr götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.