Xamneyi tərəfdarlarını küçəyə çıxardı - TRAMPDAN AKSİYAÇILARA DƏSTƏK
Bir həftədir etiraz aksiyaları ilə çalxalanan İranın müxtəlif şəhərlərində bu gün on minlərlə rejim tərəfdarı küçələrə çıxıb.
APA TV-nin xəbərinə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Kirmanşah, Əhvaz, Qorqan və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında "Liderimiz, biz hazırıq" şüarının səsləndirildiyi bildirilir.
Bununla paralel olaraq rejim əleyhdarlarının etiraz aksiyaları da davam edir. Tehranda keçirilən aksiyalarda iştirakçılar polisləri aksiyalara qatılmağa çağırıb, "Qorxmuruq, birlikdəyik" şüarları səsləndiriblər.
"Reuters"in xəbərinə görə, Takestan şəhərində keçirilən aksiyalarda ilk dəfə olaraq 1925-1979-cu illərdə İranda hakimiyyətdə olan Pəhləvilər sülaləsinin lehinə şüarlar səsləndirilib.
Bu arada ABŞ prezidenti Donald Tramp "Twitter"də İranda baş verənlərlə bağlı açıqlama yayıb: "İran xalqı, nəhayət, azğın və korrupsiyalaşmış rejimə qarşı hərəkətə keçdi. Prezident Obamanın ağılsızlıqla verdiyi pullar terrora və onların cibinə gedib. Onların azca ərzağı və böyük inflyasiyası var, amma heç bir insani hüquqları yoxdur. ABŞ müşahidə edir..."
Qeyd edək ki, dünyanın 5 ən böyük neft və 3 ən böyük qaz istehsalçısından biri olan İranda işsizlərin sayı 3 milyon 200 min nəfəri keçib.