FHN-də itkin alpinistlərin axtarışı ilə bağlı müşavirə keçirildi

İtkin düşən alpinist Babur Hüseynovun ailə üzvləri Qubanın Xınalıq kəndinə gedib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, B.Hüseynovun iki bacısı bir neçə ailə üzvü ilə birgə Xınalığa gəlib.

 

Baburun bacısı Kamilə Nəhmətova yerli jurnalistlərə açıqlamasında bildirib ki, itkin düşən alpinistlərin sağ olmasına inanır. O, axtarışlarda iştirak edən hər kəsə minnətdarlığını bildirib: "Allahdan ümidimiz var ki, onlar sağ-salamatdırlar və bizi gözləyirlər, ərzaqları tükənir, köməyə ehtiyacları var".

 

Bacısı Baburun üç ildir alpinistliklə məşğul olduğunu, Azərbaycanın bir çox dağ və zirvələrinə qalxdığını deyib. Onun sözlərinə görə, sonuncu dəfə qardaşı ilə  dekabrın 24-də danışıblar. Babur yazıb ki, hər şey yaxşıdır, narahat olmayın. Bundan sonra ona zəng çatmayıb. Bu səbəbdən ailə üzvləri aidiyyəti qurumlara müraciət edib.

 

Baburun digər bacısı Nənəbacı Tağıyeva da qardaşının tapılacağına inandığını vurğulayıb: “Mən ümid edirəm ki, tapılar sağ-salamat. Xınalığa gəlməklə qardaşıma dəstək olmaq istəyirəm, onun axtarışlarına kömək istəyirəm. Ümidim ancaq prezidentimizədir, inşallah, qardaşımın tapılmasında bizə dəstək olar”.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev isə bildirib ki, “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları ölkə rəhbərliyinin şəxsi nəzarəti altındadır. Axtarış işlərində FHN qüvvələri ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edir. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq, axtarış-xilasetmə işləri ilə bağlı son durum məruzə olunur.

 

Ş.Mirzəyev bəzi könüllülərin axtarış-xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib: “Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış-xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

 

Qeyd edək ki, itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib. Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilib.

Müəllif | Apa.Tv
Vəli Turan