İranda keçirilən aksiyalar nefti kəskin bahalaşdırıb
İranda keçirilən kütləvi aksiyalar fonunda neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, birjalarda “Brent” markalı neftin bir bareli 68,16 dollardan satılır.
Bu, son bir ildə neftin birjalarda qeydə alınan ən yüksək qiymətidir. Qərbi Texas nefti də illik maksimumu yeniləyib. WTİ nefti hazırda 62,09 dollardan satılır, bundan əvvəl bu markadan olan neftin ən yüksək illik qiyməti 61,95 dollar olmuşdu.
Analitiklərin fikrincə, dünyanın ən böyük neft ehtiyatlarına malik dördüncü ölkəsi olan İranda aksiyaların davam etməsi qiymətləri 73-75 dollar səviyyəsinə qaldıra bilər. İranın kəşf olunmuş neft ehtiyatlarının həcmi 157,8 milyard barel dəyərləndirilir, qonşu dövlət bu göstəriciyə görə yalnız Venesuela, Səudiyyə Ərəbistanı və Kanadadan geri qalır. Birja iştirakçıları aksiyaların genişlənməsi sayəsində ölkənin neft ixracında problemlər yarana biləcəyindən ehtiyatlanırlar, bu səbəbdən qiymətlər psixoloji amillərin təsiri altında bahalaşmaqda davam edir.
Birjalarda həftənin son ticarət sessiyaları sabah axşam saatlarında keçiriləcək. Son sessiyaya qədər qiymətlərin 70 dollarlıq psixoloji həddi keçəcəyi istisna edilmir.