Makron: "ABŞ və İsrailin açıqlamaları İranla müharibənin başladığından xəbər verir"
"İrana sanksiyalar tətbiq oluna bilər, amma bu ölkə ilə dialoq kəsilməməlidir". APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, bu sözlər Fransa prezidenti Emmanuel Makrona məxsusdur.
Makron bildirib ki, Fransanın özünə müttəfiq hesab etdiyi ABŞ, İsrail və Səudiyyə Ərəbistanının İranda baş verənlərlə bağlı bəyanatları adı çəkilən ölkə ilə sanki müharibənin başladığından xəbər verir.
"Hazırkı vəziyyət soyuqqanlı, təmkinli olmağı tələb edir, orada problemlərin yoluna qoyulması üçün addımlar atılmalıdır. İranda bundan sonra daha dəhşətli hadisələrin baş verməsi bölgədə şiddəti artıra bilər".
Xatırladaq ki, ABŞ və İsrail İranda dekabrın 28-də başlayan etiraz aksiyalarını "xalq üsyanı" adlandırıb və bunda rəsmi Tehranı günahlandırıb.
Hadisələrə Moskva və Ankaradan da münasibət bildirilib. Rusiya Vaşinqton və Təl-Əvivin bəyanatlarını İranın daxili işlərinə müdaxilə kimi dəyərləndirib. Kremldən vəziyyətin tez bir zamanda düzələcəyinə ümid edildiyi və kənar müdaxilələrin yolverilməz olduğu bildirilib.
Türkiyə hakimiyyəti isə qonşu ölkədəki etiraz aksiyalarının genişlənməsindən narahatlıq duyduğunu və Tehrana vəziyyətin stabilləşdirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bəyan edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zərifə zəng edib.