Rusiya “kriptorubl” vasitəsilə sanksiyaların təsirini azaltmağa hazırlaşır

Rusiya prezidentinin sərəncamı ilə yaradılmaqda olan “kriptorubl” beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirini məhdudlaşdıra biləcək. “The Financial Times”ın yazdığına görə, Vladimir Putinin müşavirlərindən biri belə hesab edir.

 

Ötən ilin yayında “Etherium”un yaradıcısı Vitalik Buterinlə görüşdən sonra Putin hökumət qarşısında rəqəmsal valyuta və blokçeyn bazarının tənzimlənməsi üçün baza yaratmaq tapşırığı qoyub. “Kriptorubl”un yaradılması ideyası bundan sonra meydana çıxıb, rusiyalı məmurlar bu yolla Qərb sanksiyalarının təsirinin sıfıra endiriləcəyini düşünürlər. Rusiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Qlazyev hökumətin iclasında bildirib ki, Moskva rəqəmsal valyuta vasitəsilə sanksiyaları nəzərə almadan bütün dünyada kontraqentlərlə hesablaşa biləcək.

 

“Kriptopubl” layihəsi hələlik hazırlıq mərhələsindədir, rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov bildirib ki, “kriptorubl” dövlət tərəfindən buraxılacaq, emissiya tənzimlənəcək və onu mayner aparatları vasitəsilə hazırlamaq mümkün olmayacaq. Bundan başqa bildirilib ki, bu rəqəmsal valyutanın alqı-satqısı zamanı qazancdan 13 faiz komissiya tutulacaq. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı